Bankın kredit siyasəti Azərbaycan Respublikası Mərkəzi Bankının normativ xarakterli aktlarını, Bank Nəzarəti üzrə Bazel Komitəsinin tövsiyələrini və beynəlxalq təcrübəni nəzərə alaraq hazırlanmış bankdaxili qaydalar və standartlara uyğun kredit resurslarının səmərəli və effektiv yerləşdirilməsindən ibarətdir.
Bankın kredit siyasəti dəqiqlik, çeviklik, düzgünlük, peşəkarlıq, şəffaflığın təmin edilməsi, rahat xidmət kimi korporativ prinsipləri əsas tutaraq hazırlanmışdır.
Bankın kredit siyasətində prioritet sahələri istehlak krediti, avtomobil krediti, ekspress kredit (mikrokredit), kredit plastik kartları, hüquqi şəxslərə kredit, ipoteka krediti tutur.
Kredit siyasətinin əsas məqsədini kredit risklərinin idarə edilməsi təşkil edir. Bu prosesə mövcud risklərin minimumlaşdırılması, baş verə biləcək risklərin əvvəlcədən müəyyənləşdirilməsi və onların qarşısının alınması üçün müvafiq tədbirlərin həyata keçirilməsi daxildir.
Kredit risklərinin idarə edilməsi mərhələləri:
1. Kredit ərizələrinin düzgün qiymətləndirilməsi.
1.1 Kredit ərizəsi – Müştərinin kredit əldə etmək üçün banka müraciəti.
1.2 Ərizənin qiymətləndirilməsi – Kredit mütəxəssisi tərəfindən müştərinin kreditin şərtlərinə uyğunluğunun qiymətləndirilməsi.
1.3 Müştərinin təhlili – Kredit mütəxəssisi tərəfindən müştərinin maliyyə göstəriciləri, krediti qaytara bilmə qabiliyyətinin təhlil olunması.
1.4 Qərar qəbul olunması – Kreditin növündən və məbləğindən asılı olaraq ən qısa zaman ərzində Filial və ya Baş İdarə tərəfindən kreditin verilməsi və təsdiqlənməsi.
2. Aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması.
2.1 Mövcud məlumatlara əsasən əməliyyat sistemi tərəfindən avtomatik olaraq ARMB-nin normativ xarakterli aktlarına uyğun olaraq aktivlər təsnifləşdirilir və müvafiq ehtiyatlar yaradılır.
3. Kredit portfelinin diversifikasiyası.
3.1 Risk faktorlarını nəzərə alaraq kredit məhsulların Iqtisadi sektorlar, coğrafi ərazilər, valyuta növləri, kreditlərin müddəti və gəlirliyi, müxtəlif müştəri qrupları və s. kateqoriyalar üzrə təsnifləşdirir.
4. Kreditlərin müntəzəm olaraq təhlili.
4.1 Bankda mövcud sistem, müştəri ilə əlaqələri, satışları, gecikmələri, ödənişləri və s. əks etdirən xüsusi hesabatlar vasitəsilə kreditlər nəzarət altında saxlanılır. Həmçinin, Risklərin idarə edilməsi departamenti nəzdində Kreditlərə nəzarət və Monitorinq şöbələri tərəfindən mütəmadi olaraq kreditlərin təyinatı üzrə xərclənməsinə nəzarət olunur, kredit götürmüş şəxslərin maliyyə vəziyyətini təhlil etmək üçün yerində yoxlamalar həyata keçirilir və əldə olunmuş nəticələrlə bağlı aylıq əsasda rəhbərliyə hesabatlar təqdim olunur.
5. Problemli kreditlərə nəzarət.
5.1. Problemli kreditlərə gündəlik nəzarət xüsusi proqram təminatı və hesabatlıq ilə həyata keçirilir. Proqram və hesabatlıq problemli kreditlərdə dəyişmə tendensiyalarını müvafiq göstəricilər üzrə əks etdirir.
5.2. Problemli kreditlərlə iş şöbəsi aylıq əsasda görülmüş işlərlə bağlı hesabatlar hazırlayır və Kredit Komitəsinə təqdim edir. Problemli kreditlərin müzakirəsi Kredit Komitəsində həyata keçirilir.
5.3. Bank daxilində problemli kreditlərə nəzarət üç pillədən ibarətdir:
5.3.1. Xidmət qurumu tərəfindən nəzarət – Müştəri ilə əlaqələr qurmaqla ödənişlərin vaxtında icra olunmasını tənzimləyir. Müştəri öhdəliklərini müəyyən müddət ərzində yerinə yetirməkdən imtina etdikdə mövcud müştəri ilə bağlı sənədlər və məlumatlar Problemli kreditlərlə iş şöbəsinə ötürülür.
5.3.2. Problemli kreditlərlə iş şöbəsi - Problemli kreditlərin yığımını həyata keçirir. Problemli kreditlərin yığımı mümkün olmadıqda məhkəmə prosedurları üçün müvafiq sənədlər toplanılır və Hüquq Departamentinə təqdim olunur.
5.3.3. Hüquq departamenti – Bankın maraqlarını məhkəmədə təmsil edir və qanunvericiliyə uyğun olaraq kreditin tam qaytarılması üçün bütün prosedurları həyata keçirir.
6. Balansdankənar risk təhlükəsinə baxılması.
6.1 Balansdankənar risklərin minimumlaşdırılması məqsədilə balansdankənar öhdəliklərlə bağlı müraciətlər dərindən analiz olunur və növündən asılı olaraq qərarlar Kredit Komitəsi və ya digər struktur vahidi tərəfindən verilir. Bank təminatlı balansdankənar öhdəliklərin icrasına üstünlük verir.
7. Hesabatlılıq sistemi.
7.1 Risklərin düzgün və effektiv idarə edilməsi məqsədilə rüblük və aylıq əsasda Müşahidə Şurasına, İdarə Heyətinə xüsusi hesabatlar təqdim olunur. Hesabatlarda həmçinin, risklərin idarə edilməsinə dair minimum tələblər, limitlərə riayət olunması, sistemin adekvatlığı, prosesin effektivliyi, risk göstəricilərindəki meyllər öz əksini tapır.
8. Təminatların nəzarətdə saxlanılması.
8.1 Təminatlar daima təhlil olunur və dəyişikliklər olduqda təminatın növündən asılı olaraq bank mütəxəssisi və ya qiymətləndirmə şirkəti tərəfindən yenidən qiymətləndirilir.
9. Borc məbləğlərinin bir hissəsinin və ya hamısının (əsas və faiz məbləği) kredit müqaviləsinin şərtlərinə əsasən yığılmaması zamanı, borcun qiymətdən düşmüş kimi müəyyən edilməsi.
9.1 Bank daxilində problemli kreditlərə nəzarətin hər üç pilləsi həyata keçirildiyi, lakin kreditin yığımı baş tutmadığı halda borc qiymətdən düşmüş kimi müəyyən olunur və balansdankənar hesablarda qeydiyyatı aparılır.
10. Ayrı-ayrı kredit limitlərinin müəyyənləşdirilməsi.
10.1 Kredit limitləri bankın müvafiq struktur bölməsi tərəfindən müəyyənləşdirilir və kreditlər yalnız müəyyən olunmuş limitlər çərçivəsində verilir.
Bank Kredit siyasətini mütəmadi olaraq nəzarətdə saxlayır və ehtiyac yarandıqda təkmilləşdirmələr aparır: səlahiyyətlərin bölgüsünü, sistemin adekvatlığını, bankdaxili qaydaları nəzərdən keçirir.
Bank kredit siyasətini həyata keçirərkən sosial və mənəvi məsuliyyətini nəzərə alaraq insanların sağlamlığına, cəmiyyətin mənəviyyatına və ətraf mühitə zərər gətirən proyektləri kreditlə təmin etmir. Bank hər yolla pulların yuyulması faktına icazə vermir.