Depozit siyasəti

Bankın depozit siyasəti bankdaxili qaydalar və standartlara uyğun fiziki və hüquqi şəxslərdən depozit resurslarının cəlb edilməsindən, cəlb edilmiş resurslar üzrə effektiv faiz dərəcəsinin və şərtlərin müəyyən olunmasından və bu resursların səmərəli idarə olunmasından ibarətdir.

Bankın depozit siyasəti dəqiqlik, çeviklik, düzgünlük, peşəkarlıq, şəffaflığın təmin edilməsi, rahat xidmət kimi korporativ prinsipləri əsas tutaraq hazırlanmışdır.

Depozit siyasəti aşağıdakı mərhələlərdən ibarətdir:

1. Depozit mənbələrinin təhlili.

Bank qeyri-qanuni yolla əldə olunmuş vəsaitlərin depozit kimi qəbulunda sərt siyasət həyata keçirir və depozitlər cəlb olunan zaman vəsaitlərin mənbəyi təhlil olunur.


2. Depozit növləri üzrə faizlərin müəyyənləşdirilməsi

Faiz dərəcəsi iqtisadi amillərdən, son illərin tendensiyalarından, bazardakı vəziyyətdən, depozitin növündən, müddətindən, subyektindən, cəlbedilən digər vəsaitlər üzrə orta çəkili faiz dərəcəsindən və s. amillərdən asılı olaraq müəyyənləşdirilir.


3. Depozit növləri üzrə şərtlərin müəyyənləşdirilməsi.

Depozitin şərtləri daxili göstəricilər (strateji plan, likvidlik, cəlbedilən digər vəsaitlər üzrə şərtlər, yerləşdirmə məhsulları üzrə şərtlər və s.) və bazardakı vəziyyətə uyğun olaraq müştərilərin ehtiyacları nəzərə alınmaqla müəyyənləşdirilir.


4. Depozit mənbələrinin diversifikasiyası.

Bank müxtəlif depozit məhsulları təklif etməklə, depozitlərin vahid mənbədən deyil, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən, digər banklardan cəlb edilməsinə üstünlük verir.


5. Proseslərin avtomatlaşdırılması.

Depozit əməliyyatları bank əməliyyat sistemi tərəfindən həyata keçirilir və proseslərin tam olaraq avtomatlaşdırılması istiqamətində daimi olaraq yeniliklər tətbiq olunur.


6. Hesabatlıq sistemi.

Xüsusi hesabatlar vasitəsilə depozitlərin həcmindəki artıb-azalma gündəlik olaraq nəzarətdə saxlanılır və dəyişikliklər periodik olaraq qiymətləndirilir.


7. Depozitlərin təhlili.

Müntəzəm olaraq depozitlər növ, müddət, faiz dərəcəsi, subyekt və s. göstəricilər üzrə təhlil olunur.


8. Bank sirrinə riayət olunması.

Bankın əsas prinsiplərindən biri müştəri məlumatlarının məxfiliyini qorumaqdır.


9. Əmanətlərin sığortalanması.

Bank Əmanətlərin Sığortalanması Fondunun üzvüdür və onunla sıx əməkdaşlıq edir. Qanunvericiliyə uyğun olaraq mütəmadi olaraq fonda məlumatlar və hesabatlar təqdim edilir.


Bank Depozit siyasətinə uyğun olaraq, mütəmadi olaraq prosesləri nəzarətdə saxlayır və ehtiyac yarandıqda təkmilləşdirmələr aparır: hesabatlıq sistemini, əməliyyat sistemin adekvatlığını, bankdaxili qaydaları nəzərdən keçirir.