Risklərin idarə edilməsi - 16.10.2023 - Bank BTB
İnternet Bankçılıq Kredit Kalkulyatoru

Risklərin idarə edilməsi - 16.10.2023

 

Bank BTB ASC-nin makroiqtisadi risk tənzimlənməsi yanaşması

Bankın strateji planına əsasən aktivlərin həcminin və kredit portfelinin artırılması, bütün müştəri kateqoriyasının yüksək xidmətlə təmin olunması və s. məqsədlərdən əlavə risklərin idarə olunmasına xüsusi diqqət yetirilir. Bu məqsədlə kredit portfeli daimi təhlil olunur, riskli müştəri bazası müəyyən olunur və aradan qaldırılmasına dair tədbirlər görülür. Bunun nəticəsi kimi bankın riskli müştəri bazası minimal səviyyədə saxlanılır. Proseslərə nəzarəti bankın korporativ və pərakəndə qollarının nəzdində müvafiq departamentlər  həyata keçirir. Risklərin idarəedilməsi sistemi Bankın strateji məqsədlərə nail olunması istiqamətində itkilərin mümkünlüyü və onların həcminin azaldılmasına yönələn risk növləri arasında qarşılıqlı əlaqəni nəzərə alır və onların Bankın fəaliyyətinə təsirini qiymətləndirir. Devalvasiya və staqflyasiya şəraaitindən sonra ölkə iqtisadiyyatında baş verən yüksəliş təbii ki istehsal və xidmət sahələrinin də mənfəətli fəaliyyətini təmin etmiş olur. Bunun nəticəsində biri-birinə bağlı olan məcmu pul təklifinin artması, istehsalın genişlənməsi, məshul və xidmət təklifinin artması, sonda işsizlik göstəricisinin azalması iqtisadiyyatın aparıcı qüvvələri olan kapital və əmək təklifinin artmasını şərtləndirir və bunun nəticəsində də bank sektoru öz strategiyasında nəzərdə tutduğu kimi planlaşdırılan mənfəətliliyin qorunmasını təmin etməkdə bir müsbət şərait əldə etmiş olur. Bu makroiqtisadi tslik bank nəzarəti strukturlarının riskli səhələrə fokuslanmağını zəruriləşdirir və Bank BTB ASC olaraq biz, bu sahədə zamanın tələbinə uyğunlaşmaq üçün daima təkmilləşdirmə işləri aparırıq.

Risklərin idarə edilməsi Siyasəti

Bankda risklərin idarə edilməsi siyasəti aşağıdakı prinsiplərə əsaslanır:

  • Strategiya- Bankın inkişaf Strategiyasının işlənməsi prosesində risklərin Bankın işgüzar fəaliyyətinə təsiri əks olunur, Bank üçün məqbul risk səviyyəsi müəyyən edilir, onun əməliyyatların gəlirliyinə, aktivlərin keyfiyyətinə və kapitala təsiri qiymətləndirilir;
  • Üsullar – səciyyəvi risklərin qiymətləndirilməsi üsulları təyin edilir. Üsullara modellərin təsdiqi və təsviri meyarları daxildir. Onların hər ikisi də müntəzəm olaraq yenilənir;
  • Prosedurlar – Səciyyəvi prosedurlar əsasında risklərin ayırd (identifikasiya) edilməsi, qiymətləndirilməsi və səviyyəsinə nəzarət həyata keçirilir;
  • Nəzarət – yerinə yetirilən əməliyyatlar həm təsdiq edilmiş prosedurlara uyğunluğu, həm də bu prosedurların məqbulluq dərəcəsi nöqteyi nəzərindən idarə edilir;
  • Yeniləmə – Strategiya, riskin qiymətləndirilməsi üsulları, tənzimləmə, prosedurlar müntəzəm olaraq yenilənməlidir ki, dəyişən xarici mühitə və işgüzar fəaliyyətin səciyyəvi xüsusiyyətinə dəqiq reaksiya verilsin;
  • Aydın şəkildə müəyyənləşdirilmiş cavabdehlik və məsuliyyət bölgüsü;
  • Müstəqil və müvafiq resurslu risk idarəetmə funksiyaları;

 

Risklərin idarə edilməsi proseduru aşağıdakı mərhələlərdən ibarətdir:

  • Risklərin aşkar edilməsi – Bank işgüzar fəaliyyətə nəzərəçarpacaq təsir göstərəcək bütün riskləri nəzərə alır;
  • Risklərin ölçülməsi – risklərin kəmiyyət qiymətləndirilməsi. Bankın riskə tolerantlığının (dözümlülüyünün) müəyyən edilməsi, riski nəzərə almaqla bank əməliyyatlarının gəlirliliyinin müəyyən edilməsi üçün əsasdır;
  • Risklərin monitorinqi – Bankın üzərinə götürdüyü risklərin onun maliyyə stabilliyi üçün təhlükə yaratmayacaq səviyyədə saxlanması;
  • Nəzarət və hesabat;
  • Hesabat üzərindən analitik nəticə çıxarılması və müvafiq qərarların qəbulu

 

Qərar qəbul etmə səlahiyyətləri əsasən aşağıdakı strukturdan ibarətdir:

  • Müşahidə şurası;
  • İdarə Heyəti;
  • Risk Komitəsi;
  • Kredit komitələri;
  • Aktiv və passivlərin idarə olunması komitəsi;
  • Digər komitələr;
  • Bankın şəxsi limitə malik rəhbərləri və əməkdaşları;

 

   1) Bazar riski

Bazar riski - bazarda faiz dərəcələrinin, valyuta məzənnələrinin, qiymətli kağızların və əmtəələrin dəyərində baş verən dəyişikliklərlə əlaqədar  yaranan riskdir. Bu anlayışa əsasən bazar riski mənbəyindən asılı olaraq aşağıdakı kateqoriyalara bölünür:

  • faiz dərəcəsi riski – faiz dərəcələrinin əlverişsiz dəyişməsi ilə əlaqədar yaranan riskdir. Bu risk faiz gəliri gətirən və faiz xərci daşıyan maliyyə alətlərinə təsir edir;
  • xarici valyuta riski – xarici valyuta məzənnələrinin əlverişsiz dəyişməsi ilə əlaqədar yaranan riskdir. Bu risk xarici valyutada olan alətlərin portfelinə təsir edir. Bank əməliyyatları müxtəlif valyutalarda aparıldıqda və sonradan qiymətləndirmə uçotu və hesabatları yerli valyutaya çevirildikdə bankın ümumi portfeli xarici valyuta riski ilə üzləşə bilər;
  • kapital riski – bankın aldığı qiymətli kağızların dəyərinin əlverişsiz dəyişməsi ilə əlaqədar yaranan riskdir. Bu risk səhmlərə, qiymətli kağızlara, eləcə də hedcinq və spekulyasiya məqsədləri üçün istifadə edilən törəmə maliyyə alətlərinə (derivativlərə) təsir göstərir;
  • əmtəə riski – bazarda əmtəələrin qiymətinin əlverişsiz dəyişməsi ilə əlaqədar yaranan riskdir. Bu risk mənbəyinin təsir göstərdiyi portfellər faktiki əmtəələrdən (məsələn: qızıl) və ya əmtəə fyuçers və forvard müqavilələrindən ibarət ola bilər.
  • sektorun imic riski -  bu risk sektora qarşı etimadın azalması və mənfi ictimai rəy nəticəsində yaranır.

Bazar riskinin idarə edilməsi aşağıdakı mərhələlərdən ibarətdir:

  • bazar riskinin müəyyənləşdirilməsi;
  • bazar riskinin, o cümlədən faiz, valyuta, kapital və əmtəə risklərinin qiymətləndirilməsi;
  • bazar riskinin monitorinqi;
  • bazar riskinə dair hesabatlıq.

Makroprudensial elastiklik tədbirləri:

  • İstənilən növ bazar əməliyyatlarının aparılması zamanı alqı-satqı məbləğinin bankın likvidliyinə təsir imkanlarının müəyyənləşdirilməsi;
  • Qısamüddətli qiymətli kağızlara üstünlük verilməsi;
  • Minimum FİFD-in hesablanması zamanı faiz elastikliyinin nəzərə alınması;
  • Valyuta mövqeyini daimi nəzarətdə saxlamaq, eləcə də, valyutada olan məcburi ehtiyat artımına gündəlik nəzarət;
  • Girov predmetlərinin qiymətinin dəyişməsinin təmin etdiyi öhdəliyə nisbətinin yoxlanılması və s.
    1. Faiz dərəcəsi riski -Faiz dərəcələrinin dəyişməsi bankın aktivlərinin, öhdəliklərinin və balansdankənar mövqelərinin faktiki dəyərinə təsir göstərir, çünki, gələcək pul axınlarının faktiki (ədalətli) dəyəri (bir sıra hallarda isə həm də gələcək pul axınlarının həcmi) faiz dərəcələrinin dəyişməsindən asılıdır.

Bankda  faiz dərəcəsi riskini idarəetmə sistemi:

  • Faiz dərəcəsi riskini idarəetmənin qayda və prosedurlarının müəyyən edilməsi
  • Faiz dərəcəsi riskinin qiymətləndirilməsi
  • Faiz dərəcəsi riskinin məhdudlaşdırılması
  • Stress-testlərin keçirilməsi
  • Hesabatlıq və faiz dərəcəsi riskinin monitorinqi
  • Faiz dərəcəsi riskinin idarə edilməsi üzərində daxili nəzarətin təşkili

Faiz risklərinin idarə edilməsinda istifadə olunan modellər:

  • Faizə həssas AP GAP Analizi
  • Duration Gap stress test
  • Funds Transfer Pricing
  • faiz dərəcələrinin dəyişməsinə qarşı həssas olan maliyyə alətləri üzrə məcmu mövqelərə görə risk səviyyəsi barəsində məlumatlar;
  • faiz dərəcəsi riskinin idarə edilməsi üçün tətbiq edilən qayda və prosedurların bankın daxili sənədlərinə adekvatlığı haqqında məlumatlar;
  • faiz dərəcələrinin dəyişməsinə qarşı həssas olan maliyyə alətləri üzrə mövqelərin müəyyən edilmiş limitlərə uyğunluğu haqqında məlumatlar;
  • aparılmış stress-testlərin nəticələri;
  • faiz dərəcələrinin dəyişməsinə qarşı həssas olan maliyyə alətləri üzrə əsas proqnoz göstəriciləri (məsələn, “tələbli” depozitlərin daxil/xaric olması proqnozu, borcların vaxtından əvvəl hissə-hissə/tam qaytarılması);

 

  1. Xarici valyuta riski

Xarici valyuta riskinin üç əsas növü vardır:

  • sövdələşmə riski - başlıca olaraq pul dövriyyəsi riskidir. Bu risk növü valyuta məzənnələrindəki əlverişsiz dəyişikliklərin debitor və kreditor borclarına, həmçinin dividendlərin verilməsinə təsiri ilə bağlıdır;
  • Birləşmə riski – xarici törəmə müəssisənin qiymətləndirilməsi və onun Banka birləşdirilməsi zamanı xarici valyuta məzənnələrinin əlverişsiz dəyişməsi ilə əlaqədar xərclərin (zərərin) yaranması riskidir;
  • İqtisadi risk – valyuta məzənnələrinin əlverişsiz dəyişməsi nəticəsində Bankın gələcək pul axınının cari dəyərinin riskə məruz qalmasıdır;

Yaranma mənbələrindən asılı olaraq xarici valyuta riskinin aşağıdakı növləri mövcuddur:

  • Cari xarici valyuta riski - qeyri stabil valyuta məzənnələrinin ani dəyişməsi nəticəsində yaranan risk;
  • Devalvasiya riski - bir valyuta məzənnəsinin digərlərinə nisbətdə azalması riski;
  • Xarici valyuta riskini idarəetmə sisteminin dəyişməsindən yarana biləcək risk. Bu riskə aşağıdakılar aiddir:
  • stabil valyuta məzənnəsi rejimindən tənzimlənməyən valyuta məzənnəsi rejiminə keçid (və ya əksinə);
  • bir xarici valyuta məzənnəsinin digər valyuta məzənnələrinə və ya valyuta səbətinə uyğun olaraq müəyyən edilməsi.

Valyuta risklərinin idarə edilməsinda istifadə olunan modellər:

  • Valyuta əməliyyatları üzrə riskə məruz dəyər
  • Valyuta mövqeyi stress testi
  • Balansın məzənnə həssaslığı stress testi
  • Bankın xarici valyutada aktiv və öhdəliklərin strukturunun təhlili;
  • Açıq valyuta mövqeyi (həm ümümi, həm də ayrıayrı valyutalar üzrə) requlyator tərəfindən müəyyən olunmuş müvafiq limitlər çərçivəsində saxlanılmasına gündəlik əsasda nəzarət;
  • Xarici valyutada likvidlik GAPin təhlili;
  • Valyutada olan borcların restrukturizasiyası;
  • Müxtəlif stress testlərin aparılması və onların kapital mövqeyinə təsiri.

 

  1. Kapital riskinin- qiymətləndirilməsi aşağıdakı maliyyə alətləri üzrə həyata keçirilir:
  • adi səhmlər;
  • depozit sertifikatları;
  • konversiya olunan qiymətli kağızlar (istiqrazlar və imtiyazlı səhmlər);
  • baza aktivi (törəmə maliyyə alətlərinin əsasını təşkil edən maliyyə aləti) qiymətli kağızlar və ya kapital indeksi olan törəmə maliyyə alətləri.

 

2) Kredit riskləri

Bankın qəbul etdiyi kredit risklərini, Mərkəzi Bankın tələblərinin, eləcə də, bank fəaliyyətinin kredit risklərinin idarə olunmasının beynəlxalq səviyyədə qəbul edilmiş prinsiplərin və standartların və bank nəzarəti üzrə Bazel komitəsinin tövsiyələrinin nəzərə alınması ilə minimallaşdırmaq məqsədi ilə, kredit risklərinin idarə edilməsi siyasətində ən azı aşağıdakı məqamları nəzərə alınır:

  • təminata dair minimum tələblər (qəbul edilən təminat növləri, dəyəri və s.);
  • təminatsız, habelə xarici valyutada kreditlərin verilməsi ilə bağlı tələblər;
  • kredit məhsulu üzrə kredit məbləğinin yuxarı həddi;
  • bankın treydinq və investisiya fəaliyyəti ilə bağlı tələbləri;
  • bankın yeni fəaliyyət istiqaməti və yeni məhsulunun təqdim edilməsi ilə bağlı tələblər;
  • törəmə maliyyə alətlərinin növləri və kontragentlər ilə bağlı meyarlar;
  • ən azı aşağıdakı istiqamətlər üzrə maksimum limitlər:
  • BGN əmsalı (borcalan üzrə, kredit növləri üzrə və s.);
  • bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin maksimum miqdarı;
  • banka aidiyyəti olan şəxslər ilə aparılan əməliyyatların həcmi;
  • kredit məhsulu, iqtisadi sektor, coğrafi ərazi, bankın filialı üzrə kredit tələbinin həcmi;
  • kreditlərin ümumi həcminin depozitlərin ümumi həcminə nisbəti;
  • təminat növləri, təminat növləri üzrə KTN (kreditin təminata nisbəti) əmsalı və təminatsız kreditlər üzrə kredit tələbinin həcmi;
  • digər kredit təşkilatları üzrə kredit tələbinin həcmi;
  • törəmə maliyyə alətlərinin həcmi və s.

 

Kredit risklərinin qarşısının alınması üçün görülən tədbirlər 2 formaya

ayrılır:

  • Qabaqcıl tədbirlər
  • Nəzarət yönümlü tədbirlər

Qabaqcıl tədbirlər:

  • Qərarların qəbulunun maksimum dərəcədə kredit komitələri səviyyəsinə qaldırılması;
  • Hər bir struktur üzrə kredit limitlərinin təyini;
  • Məshul şərtlərinin davamlı yoxlanılması və riskyönümlü rəylərin verilməsi;
  • Məhsul şərtlərinə hüquqi rəylərin verilməsi;
  • Bazarın daimi araşdırılması.

 

Nəzarət yönümlü tədbirlər:

  • Kredit portfelinin müxtəlif seqmentasiyalar üzrə keyfiyyətinə nəzarət;
  • PAR formalaşdıran portfelin strukturunun analizi;
  • ECL ( PD, LGD, EAD)- Gözlənilən və ehtimal olunan kredit itkilərinin analizi
  • Gecikən aktivlərinin yığımına nəzarət;
  • Gözlənilən iri məbləğli gecikənlər üzrə yarana biləcək iri ehtiyatların qarşısının alınması üçün tədbirlər və s.
  • Kreditləşmə prosesininin müəyyən amillər (sahə, müddət, kreditlər üzrə qərarqəbuletmə səlahiyyətləri, filial limitləri və s.) üzrə limitləşdirilməsi;
  • Kredit portfelinin diversifikasiyası;
  • Kredit portfelin təhlili;
  • Kredit risklərinin məqbul hədləri yeni məhsulun tətbiqindən öncə qiymətləndirilir;
  • Daxili reytinq və skorinq sistemlərinin tətbiqi;
  • Stress testlərin tətbiqi;
  • Ssenari təhlillər;
  • Vintaj təhlil;

 

3) Likvidlik Riski

Likvidlik riski – planlaşdırılmış və gözlənilməyən öhdəliklərin vaxtında və effektiv yerinə yetirilə bilinməməsi, əlavə likvid vəsaitin əldə edilməsi, həmçinin bankın aktivlərinin minimal zərərlə dərhal satılması üzrə imkanların azalması riskidir.

Likvidlik riskinin idarə edilməsi aşağıdakı mərhələlərdən ibarətdir:

  • likvidlik riskinin müəyyənləşdirilməsi;
  • likvidlik riskinin qiymətləndirilməsi;
  • likvidlik riskinin monitorinqi;
  • likvidlik riskinin hesabatlığı.

Likvidlik risklərinin idarə edilməsinda istifadə olunan modellər:

  • Gündəlik əsasda likvidliyin idarə olunması;
  • Ödəniş müddətlərinin bölgüsü təhlili – GAP təhlil (həm ümumi, həm də valyutalar üzrə);
  • Stres testlərin aparılması;
  • Likvidlik üzrə müəyyən olunmuş limitlərə gündəlik nəzarət;
  • Ani likvidlik əmsalının hesablanması;
  • Likvidliyin örtülmə əmsalının hesablanması (LCR)

 

Müxtəlif indikatorların gündəlik analizi həyata keçirilir:

  • Ani lidvidlik əmsalı
  • Effektiv lidvidlik əmsalı
  • Gəlirli aktivlərin öhdəliyə nisbəti
  • Gəlirli aktivlərin xüsusi çəkisi
  • Xalis faiz gəlirlərinin aktivlərdə xüsusi çəkisi
  • Xalis faiz gəlirlərinin aktivlərdə xüsusi çəkisi (əsas vəs. çıxılmaqla)

 

4) Əməliyyat riskləri

Əməliyyat riski - Bank əməkdaşları tərəfindən yol verilmiş nöqsan və səhvlər, informasiya sistemi və texnologiyalarda baş vermiş problem və çatışmazlıqlar, habelə bankdankənar hadisələrlə əlaqədar yaran risklərdir.

Əməliyyat risklərinin idarə edilməsi həmçinin aşağıdakı məqsədlər üçün həyata keçirilir:

  • əməliyyat risklərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi, ölçülməsi, idarəedilməsi və onlara dair hesabatlıq;
  • əməliyyat riskləri üzərində müntəzəm nəzarət;
  • Bankın maliyyə sabitliyi, onun kreditorları və əmanətçilərinin maraqları üçün əməliyyat risklərinin səviyyəsinin təhlükə doğurmayan səviyyədə saxlanılması üzrə tədbirlərin görülməsi;
  • hüquqi-normativ aktlara, bankdaxili qaydalara və reqlamentlərə Bankın bütün struktur bölmələrinin əməkdaşları tərəfindən əməl olunması.

 

Əməliyyat risklərinin yaranma mənbəyi aşağıdakı qruplar üzrə təsnifləşdirilir;

  • İnsan resursları;
  • Biznes proseslər;
  • Sistem və infrastrukturlar;
  • Kənar təsirlər.

 

Bankda əməliyyat risklərinin müəyyən edilməsi məqsədilə aşağıdakı üsullardan və ya metodlardan istifadə olunur:

  • risk qiymətləndirmə metodu üzrə sorğuların hazırlanması və struktur bölmələrdə aparılması, həmçinin müsahibələrin təşkili;
  • Risk xəritəsi – risk xəritəsində bankın məruz qala biləcəyi risklər, riski yaradan daxili və kənar səbəblər, riskin yarada biləcəyi digər risklər və mümkün zərərlər əks olunur, habelə riskin başvermə tezliyi, idarə edilməsi və qiymətləndirmə alətləri, riskin idarə edilməsi üzrə məsul şəxs və ya struktur bölmə müəyyən olunur. Risk xəritəsinə ən azı ildə iki dəfə yenidən baxılır və lazım gəldikdə dəyişikliklər edilir;
  • biznes proseslərin təhlili;
  • əməliyyat itkiləri üzrə məlumatların tarixi bazasının yaradılması və müntəzəm aparılması;
  • daxili audit xidmətinin struktur bölmələrdə apardığı auditin nəticələrinə dair məlumatların tədqiq olunması;
  • ssenari analizləri və stres testlərin aparılması;
  • əsas risk göstəriciləri sisteminin tətbiq edilməsi;
  • empirik (həqiqi tarixi məlumatlara əsaslanan) təhlillər.

 

5) Strateji risklər

Strateji riskin idarə olunması sistemini yaradılmasının əsas məqsədləri aşağıdakılardır:

  • korporativ idarəetmənin Bankın miqyası və məqsədlərinə cavab verən düzgün və effektiv modelinin yaradılması;
  • Bankın öz öhdəliklərini yerinə yetirməsi, nəzarət orqanların tələblərinə əməl etməsi, iş etiketi, peşəkar davranış və fəaliyyət standartlarının normalarına riayət etməsi yolu ilə vicdanlı iş nüfuzunun formalaşdırılması;
  • Bankın fəaliyyətinin bütün mərhələlərində maraqların toqquşmasının aradan qaldırılması.

 

Strateji riskin idarə olunması sistemini yaradılması zamanı Bank aşağıdakı əsas yanaşmalardan istifadə edir:

  • qanunvericiliyə, o cümlədən bank sirri, çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi haqqında qanunvericiliyə riayət olunmasına mütəmadi nəzarət;
  • müştəri və kontragentlərin ödəniş tələbi əsasında hesabatların aparılması, əmanətlər və digər əməliyyatlar üzrə faiz və əsas məbləğin hesablanması zamanı vaxt limitinə riayət olunması;
  • mühasibat hesabatları və səhmdarlara, müştərilərə, kontragentlərə, nəzarət orqanlarına və digər maraqlı şəxslərə təqdim olunan, o cümlədən reklam məqsədilə dərc olunan məlumatların düzgünlüyü üzərində nəzarət;
  • Bankda məlumat itkisinin və sızmasının qarşısını alan və eyni zamanda qərar qəbulu üçün tələb olunan düzgün məlumatları vaxtında təqdim etməyə imkan verən ümumbank məlumat təminatı və sənəd dövriyyəsi sisteminin işlənib hazırlanması;
  • Bankın fəaliyyətin üzrə ən əsas qərarların qəbulu zamanı kollegiallıq prinsipinə əməl olunması;
  • Bankın idarə olunmasında iştirak edən bölmələrin məsuliyyətinin müəyyən olunması və düzgün bölüşdürülməsi prinspinə əməl edilməsi;
  • Bankın şöbələrinin funksional vəzifələrinin onların ön, orta və arxa ofisə aid olması əsasında bölünməsi prinsipinə ciddi riayət olunması.

 

6) Hüquqi risklər

Hüquqi risklərin idarəetmə sisteminin yaradılmasının əsas vəzifələri aşağıdakılardır:

  • hüquqi risklərin idarəolunmasının vahid qaydada təşkili;
  • hüquqi risklərin baş verməsinin qarşısını ala biləcək bütün bölmə və işçilərin hüquqi risklərin idarəetmə prosedurlarına cəlb olunması;
  • Bankın hüquqi sferada maraqlarının yerinə yetirilməsi üçün mühüm və kifayət olan hüquqi risklərin aşkar olunması, qiymətləndirilməsi və nəzarət üzrə vahid prinsiplərin müəyyən olunması.

Bank hüquqi risk səviyyəsinin azaldılması üzrə aşağıdakı kimi üsullardan (metodlardan) istifadə edir:

  • bank əməliyyatlarının və digər sövdələşmələrin standartlaşdırılması (qaydalar, prosedurlar, əməliyyat və sazişlərin həyata keçirilməsi texnologiyaları, müqavilələrin bağlanması);
  • standartlaşdırılmış əməliyyat və sövdləşmələrdən fərqlənən, Bank tərəfindən bağlanmış müqavilələrin və aparılan əməliyyat və digər sövdələşmələrin Hüquq şöbəsi ilə razılaşdırılması (uyğunlaşdırılması);
  • hüquqi risk amillərinin (istər məcmu halında, istərsə də onların təsnifi nöqteyi-nəzərindən) Bankın fəaliyyət göstəricilərinə təsirinin təhlili;
  • daimi olaraq Azərbaycan Respublikasının qanunvericiliyində, Bankın ərazisində əməliyyatlar apardığı və ya əməliyyatları aparmağı planlaşdırdığı ölkələrin qanunvericiliyindəki dəyişiklərin monitorinqi;
  • hüquqi riskin aşkar olunması, təsnifatı və qiymətləndirilməsi üzrə fəaliyyətlərin əlaqələndirilməsi;
  • Hüquqi xidmətin əməkdaşlarına, onların ixtisasının daimi artırılmasını təmin edən vəzifə yüklərinin optimallaşdırılması;
  • maksimum miqdarda işçilərin qanunvericiliyə dair aktual məlumatları əldə etməsinin təmin olunması;
  • işçilərin fəaliyyətlərinin hüquqi risk səviyyəsinə təsirindən asılı olaraq onların həvəsləndirilməsi;

Xarici valyuta ilə bağlı riskin qarşısının alınması məqsədi ilə istifadə edilən alətlərin (hecinq alətləri) siyahısı, habelə bu alətlərin qısa izahı:

  • İstifadə olunan hedc alətləri (svop, forvard, opsiyon və s.)
  • Hər bir alətin hansı valyutalar arasında aparıldığına dair məlumat.

Hedcinq alətləri:

  • Forvard - gələcəkdə razılaşdırılmış qiymətə qiymətli kağızları və valyutaları almaq və ya satmaq üçün öhdəlikdir. Forvard tərəflər arasında birjadan kənar bağlanan müqavilədir. 
  • Svop - bu razılaşmaya əsasən Alıcı razılaşdırılmış gündə Satıcıdan müəyyən qiymətli kağızları və ya valyutaları razılaşdırılmış qiymətə alır və razılaşdırılmış digər gündə və qiymətə qarşı tərəfə geri satır. Hər iki tərəf gələcəkdə yarana biləcək qiymət dəyişikliyinə məruz qalmadan müqavilə ilə razılaşdırılan qiymətlərə əsasən əməliyyatları həyata keçirirlər.
  • Opsiyon - gələcəkdə razılaşdırılmış qiymətə qiymətli kağızları və valyutaları almaq və ya satmaq üçün hüquqdur. Opsiyon tərəflər arasında birjadan kənar bağlanan müqavilədir. Seçim Alıcı və Satıcı arasında razılaşdırılır və birja hər iki tərəfin zəmanətçisi kimi çıxış edir.